2 noyabr 2015-Milli Onkologiya Mərkəzində ABŞ-ın Tenessi Universitetinin professoru tərəfindən onkologiya-hematologiya üzrə 3 həftəlik təlim-tədris proqramı

|

2-19 noyabr 2015-ci il tarixlərində ABŞ-ın Fullbrayt Təqaüdlər Proqramının təşəbbüsü ilə Azərbaycana dəvət edilmiş Professor Alva Boven Veyer tərəfindən Milli Onkologiya Mərkəzində silsilə seminarlar və mühazirələr keçiriləcəkdir. Professor Veyer ABŞ-ın Tenessi Universitetinin Səhiyyə Elmləri Mərkəzinin professorudur və həmçinin ABŞ-ın Veteranların Məsələləri üzrə Departamentinin Memfis şəhərindəki Tibb Mərkəzində çalışar.

    

Professor Veyer Amerika Klinik Onkologiya Cəmiyyəti, Amerika Həkimlər Cəmiyyəti və Amerika Hematoloqlar Cəmiyyətinin fəxri üzvüdür. Hazırda Professor Veyer Tenessi Universitetinin Daxili Xəstəliklər Şöbəsinin professorudur və Hematologiya-Onkologiya üzrə yüksək ixtisaslı həkimlərin hazırlanması proqramının rəhbəridir. İki həftə müddətində Professor Veyer Milli Onkologiya Mərkəzinin həkimləri və rezidentləri üçün onkologiyanın və onkohematologiyanın ən aktual mövzuları, o cümlədən, süd vəzi xərçənginin müalicəsi, qida borusu, mədə və mədəaltı vəzinin onkoloji xəstəliklərinin diaqnostikası və müalicəsi, nazik və yoğun bağırsaq xərçəng xəstəliklərinin profilaktikası, erkən diaqnostikası və müalicəsi, baş-boyun törəmələrinin müalicəsi, hədəfli terapiyanın aparılması və s. üzrə seminar-məşğələlər keçirəcək və mühazirələr oxuyacaqdır. Bununla yanaşı, Professor Alva Veyer Azərbaycan Tibb Universitetinin müvafiq kafedralarında tibb tələbələri üçün ümumi onkologiya və hematoloji onkologiya üzrə dərslər deyəcək və seminar məşğələlər keçiriəcəkdir.