Milli Onkologiya Mərkəzi ilə İsrail Xarici İşlər Nazirliyi yanında Beynəlxalq Əməkdaşlığın İnkişafı Agentliyi (MAŞAV) arasında əməkdaşlıq müqaviləsi.

|

24 sentyabr  2013 cü ildə Bakıda, Azərbaycan Milli Onkologiya Mərkəzi ilə İsrail Xarici İşlər Nazirliyi yanında Beynəlxalq Əməkdaşlığın İnkişafı Agentliyi (MAŞAV) arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.
Müqaviləni Milli Onkologiya Mərkəzinin Baş direktoru, akademik Cəmil Əliyev və İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz imzalamışlar.


Görüşdə akademik Cəmil Əliyev xəstələrin yüksək səviyyədə müalicə olunmaları üçün mərkəzdə yaradılan şəraitdən danışmışdır. Qeyd etmişdir ki, onkoloji xəstələr müalicə üçün tələb olunan bütün dərmanlarla dövlət tərəfindən pulsuz təmin edilirlər. Bundan əlavə, mərkəz diaqnostika sahəsi üzrə ən yüksək avadanlıqlarla təchiz edilmişdir. Burada dünyanın bir çox ölkələrinin xəstəxanalarında olmayan şüa-terapiya aparatları vardır.

Akademik Cəmil Əliyev bildirmişdir ki, Milli Onkologiya Mərkəzi səhiyyə sahəsində də İsrail hökuməti ilə əməkdaşlıq etməyə hazırdır. Bu gün imzalanan müqavilə isə iki tərəf arasındakı əməkdaşlığı və tibb mütəxəssisləri arasında təcrübə mübadiləsini daha da gücləndirəcəkdir.

İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz isə ölkəsinin səhiyyə sahəsində 65 illik təcrübəsi olduğunu bildirmişdir. Səfir demişdir: “Azərbaycan ilə bu əməkdaşlıqları bölüşmək və mütəxəssislərin qarşılıqlı təcrübəsini təşkil etmək niyyətindəyik. Biz istəyirik ki, azərbaycanlı həkimlər İsraildə müəyyən təcrübə keçsinlər və səhiyyə sahəsində bəzi məsələləri daha yaxından öyrəndikdən sonra onları Azərbaycanda tətbiq etsinlər”.
Diplomat Milli Onkologiya Mərkəzində yaradılan şəraitdən razı qaldığını demişdir. Bildirmişdir ki, Milli Onkologiya Mərkəzi onun gördüyü ən gözəl mərkəzlərdən biridir.