Birinci Azərbaycan-Alman-Türk Konqresi

|


Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi və Azərbaycan- Almaniya Tibb Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konqresə 500-dən çox azərbaycanlı və əcnəbi həkim qatılıb. Konqresdə ölkəmizin tibb sahəsinin aparıcı mütəxəssisləri ilə yanaşı, Almaniyanın və Türkiyənin universitet klinikalarından dəvət olunmuş 14 professor iştirak edir. Konqresin işinə uğurlar arzulayan Almaniyanın Azərbaycandakı səfiri xanım Haydrun Tempel bu beynəlxalq tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. Azərbaycan ilə Almaniya arasında tibb sahəsində əlaqələrdən danışan səfir vurğulayıb ki, bu əməkdaşlıq davamlı olmalıdır. O deyib ki, Almaniya Türkiyə və Azərbaycanla əməkdaşlıqda hər zaman maraqlıdır. “Azərbaycanlı rezidentlərin təcrübə üçün Almaniyanın klinikalarına göndərilməsi bizi sevindirir. İstərdik ki, bu proses daha da intensiv olsun”, – deyə Heidrun Tempel bildirib.

Professor Əziz Əliyev çalışdığı Azərbaycan Milli Onkologiya Mərkəzinin uğurlarından danışıb. Diqqətə çatdırıb ki, Azərbaycan Prezidentinin diqqət və qayğısının nəticəsi olaraq hazırda Milli Onkologiya Mərkəzi ən müasir tibbi texnika ilə, o cümlədən mobil diaqnostik komplekslə də təchiz edilib. Onkoloji xəstələrin şiş əleyhinə preparatlarla təminatı problemi aradan götürülüb. Zəngin maddi-texniki bazası və güclü kadr potensialı olan Milli Onkologiya Mərkəzi artıq dünyanın ən qabaqcıl onkoloji mərkəzləri ilə müqayisə oluna bilər. Mərkəzin əməkdaşları tərəfindən respublikamızın onkoloji xidmətinin strukturunun təşkili, bədxassəli şişlərin erkən diaqnostikası və bu xəstələrə müasir cərrahi, şüa və dərman müalicəsinin aparılması, mövcud müalicə metodlarının daha da təkmilləşdirilməsi istiqamətində böyük elmi araşdırmalar aparılır. Akademik Cəmil Əliyevin rəhbərlik etdiyi Milli Onkologiya Mərkəzi bu gün respublika əhalisinə göstərilən ixtisaslaşmış onkoloji yardım üzrə aparılan elmi-metodik və profilaktik işlərin koordinasiyası ilə məşğul olan əsas mərkəz funksiyasını daşıyır. Mərkəzin müasir və yaraşıqlı cərrahiyyə korpusu ən müasir tibbi avadanlıqla təchiz olunub

Qeyd olunub ki, Azərbaycanda onkoloji xəstəliklərin sayı getdikcə azalır və bədxassəli şişlərdən əziyyət çəkən insanların pulsuz olaraq ixtisaslaşdırılmış tibbi və sosial yardım almaları üçün tam hüquqi zəmin yaradılıb. ABŞ-ın dünya şöhrətli MD Anderson Xərçəng Mərkəzinin Milli Onkologiya Mərkəzinin müasir fəaliyyətini təqdir edərək onunla əməkdaşlıq etmək istəyi, təkcə Mərkəzin, ölkə səhiyyəsinin deyil, son illər davamlı inkişafda olan Azərbaycanın çox böyük uğurudur.

Son illərdə Azərbaycanda bütün sahələrdə olduğu kimi, tibb sahəsində də əhəmiyyətli inkişafa nail olunduğu konqres iştirakçılarının diqqətinə çatdırılıb. Bildirilib ki, ölkəmizdə səhiyyənin inkişafında Türkiyə və Almaniyanın tibb mərkəzləri ilə əlaqələrin böyük rolu var. Vurğulanıb ki, Milli Onkologiya Mərkəzi bu qəbildən tədbirlərin keçirilməsini öz prioritet məqsədlərindən biri hesab edir və bu sahədə böyük təcrübəyə malikdir.

Qeyd edək ki, konqres paralel olaraq bölmə iclaslarında davam edib. Bölmələrdə əsasən ümumi və laparoskopik cərrahiyyə, onkologiya, qastroenterologiya, endoskopiya və radiologiya sahələrindəki ən son yeniliklərə dair məruzələr dinlənilir, müzakirələr aparılır.

Milli  Onkologiya Mərkəzinin konfrans zalında  Prof. M. Niedergethmann , PhD Dr.med N. Əsgərov, Prof. S. Demirbash, Prof. H. Senturk öz  məruzələri ilə çıxış etdilər . Məruzələr yüksək elmi səviyyədə və iştirakçıların fəalliğı ilə keçdi, belə ki, məruzələrin sonunda verilən suallar və alınan cavablar iştirakçıların çıxışlara olan yüksək marağından xəbər verirdi.

Xatırladaq ki, Konqres işini aprelin 13-də başa çatdıracaq.

FOTO