Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi və ABŞ-ın MD Anderson Xərçəng Mərkəzi birgə Beynəlxalq Konfrans təşkil etdi

|

Bu gün Bakıda Onkoloji Beynəlxalq Elmi Konfrans öz işinə başlayıb. Xatırladaq ki, iki gün davam edəcək konfrans Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi və ABŞ-ın MD Anderson Xərçəng Mərkəzi tərəfindən təşkil olunub.
Konfransı giriş sözü ilə Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev açıb. C. Əliyev konfransın onkoloji xəstəliklərdən əziyyət çəkən insanlar üçün faydalı olacağını bildirib.

Professor Əziz Əliyev çıxışında Azərbaycan Milli Onkologiya Mərkəzində Paratiroid adenoma və tiroid xərçənginin müalicəsindəki yeniliklər barədə məlumat verib: “Bu gün bizdə olan texnologiyalar endoskopik üsulla əməliyyat imkanları yaradır. Biz müalicə və müayinə prosesində daima yeni üsullardan istifadə etməyə çalışırıq”.

   

Xərçəng nəzarəti üzrə Beynəlxalq Birliyin prezidenti, Türkiyənin Hacettepe Universitetinin professoru Tezer Kutluk “Pediatrik Xərçənglə Qlobal Mübarizə: İmkanlar və Çətinliklər” mövzusunda məruzə edib. T. Kutluk hər il dünyada 200 min uşaqda xərçəng xəstəliyinin aşkarlandığını söyləyib: “Türkiyədə hər il 3 min civarında uşaqda xərçəng aşkarlanır. Azərbaycan əhalisinin 9 milyondan çox olduğunu nəzərə alsaq, hər il sizin ölkədə təxminən 1000 nəfər uşaqda xərçəng xəstəliyinin aşkarlandığını deyə bilərik. 60-cı illərə nisbətən uşaqlarda xərçəngin sağalma faizi 80-85-ə qalxıb. Xərçənglə mübarizənin ən operativ üsulu bu xəstəlikdən əziyyət  çəkənlərin qeydiyyatını aparmaqdır.

Biz Türkiyədə bu metodu artıq mənim rəhbərliyim altında tətbiq etmişik. Bunun üçün sayt yaradılıb və mən həmin saytda xərçəng xəstəsi olan uşaqların qeydiyyatını aparıb, daha sonra analizlər aparıram. O cümlədən hazırda Türkiyənin 14 vilayətində xərçəngdən əziyyət çəkənlərin qeydiyyatı aparılır. Bizim Səhiyyə Nazirliyi artıq bütün ölkə boyu bu qeydiyyatı aparmaq barədə düşünür. Çox təəssüflər olsun ki, hər il dünyada 14 milyon insanda xərçəng aşkarlanır. 14 milyon insandan isə 8 milyonu həyatını itirir. 2030-cu ildə xərçəng xəstələrinin sayının 21 milyona çatacağı gözlənilir. Birləşmiş Millətlər Təşkilatı Karib dənizi hövzəsindəki ölkələrin təşəbbüsü ilə 2025-ci ilə qədər xərçəng, diabet və digər yoluxucu olmayan xəstəlikləri 25 faiz azaltmaq haqda qərar qəbul edib”.

Daha sonra amerikalı professor Banu Arun, Sezar Nunez və Yosef L. Nates, almaniyalı professor Axel-Mario Feller Heithman müvafiq məruzələrlə çıxış ediblər. Sonda paralel olaraq məruzəçilər tərəfindən üç müxtəlif sessiya keçirilib.