Bakıda 5-ci Azərbaycan Onkologiya və Nüvə Təbabəti Simpoziumu keçirilib

|

İyulun 6-da Bakıda Milli Onkologiya Mərkəzi və Azərbaycan Nüvə Təbabəti Cəmiyyəti tərəfindən 5-ci Azərbaycan Onkologiya və Nüvə Təbabəti Simpoziumu keçirilib. Tədbirdə Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Niderland, Türkiyə və digər ölkələrin aparıcı mütəxəssisləri iştirak ediblər.

Simpoziumun əsas müzakirə mövzularından biri də nüvə təbabətinin müasir vəziyyətinə və perspektivlərinə, eləcə də xərçəngin profilaktikası və müalicəsində tətbiq edilən ən son metodlara dair məruzələrin dinlənilməsi və təcrübə mübadiləsi aparılması olub.

Simpoziumda Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli çıxış edərək, iştirakçıları Mərkəzin baş direktoru akademik Cəmil Əliyevin adından salamlayıb. Baş həkim bildirib ki, nüvə təbabəti müasir səhiyyənin istər diaqnostikası, istərsə də müalicəsində vacib sahələrdən biridir.

Onun sözlərinə görə, dünyada səhiyyə sahəsində gedən inkişaf Azərbaycandan da yan keçməyib: “Ölkəmizdə səhiyyənin inkişafında Prezident İlham Əliyevin rolunu xüsusi vurğulamaq lazımdır. Azərbaycanda nüvə təbabətinin yaradılması çox çətin idi. Milli Onkologiya Mərkəzinin baş direktoru akademik Cəmil Əliyevin təşəbbüsü ilə Azərbaycanda Nüvə Təbabəti Mərkəzi yaradıldı və 2016-cı ildə açılışı oldu. Açılışda Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktorunun müavini Dazhu Yanq da iştirak etmişdi. Bu, Azərbaycan səhiyyəsi üçün çox böyük nailiyyət idi. Nüvə təbabəti təkcə onkologiyanın deyil, bir çox xəstəliyin istər diaqnostikasında, istərsə də müalicəsində tətbiq olunan son tibbi nailiyyətlərdəndir”.

Simpoziumun tibbin çox müasir və sürətlə inkişaf edən, eyni zamanda, fundamental elmin nəticələrinə əsaslanan sahəsinə həsr edildiyini bildirən səhiyyə nazirinin müavini Nadir Zeynalov isə nüvə təbabəti elminin inkişafının fizika və kimya elmlərinin nailiyyətləri ilə əlaqədar olduğunu deyib: “Radionuklidlərin icad olunması, onların hazırlanması təqribən keçən əsrin 20-30-cu illərinə təsadüf edib. Ötən əsrin 50-60-cı illərində isə onların tibbdə tətbiqinə başlanılıb. Bu sahədə inqilab XX əsrin 80-90-cı illərində qeydə alınıb. Artıq radionuklidlərin anatomik şəkil verən görüntüləmə üsulları ilə birləşdirilməsindən irəli gələn müayinə nəticələri ortaya çıxıb”.

O bildirib ki, nüvə təbabəti təkcə diaqnostik üsul deyil, buraya radionuklidlərlə müalicə də aiddir. Burada istifadə edilən radionuklidlər ionizəedici şüalanma mənbəyidir. “Nüvə təbabətində istifadə olunan üsullar insan sağlamlığına müəyyən qədər zərər verir. Burada dozalanma elə olmalıdır ki, həm lazımi nəticə əldə edilsin, həm də insan sağlamlığına minimal zərər yetirilsin. Belə balanslaşdırılmış iş nüvə təbabəti mütəxəssisləri tərəfindən həyata keçirilir. Buna görə də nüvə təbabəti mütəxəssislərinin hazırlanması kifayət qədər uzun müddət tələb edir. Bugünkü simpozium bu sahəyə aid olan təcrübə və biliklərin bölüşülməsi üçün çox uğurlu platformadır", - deyə o əlavə edib.

Simpoziumun sessiyalarında Milli Onkologiya Mərkəzinin aparıcı elmi işçisi, tibb elmləri doktoru, professor Əziz Əliyev, Avropa Nüvə Təbabəti Cəmiyyətinin prezidenti və Niderlandın Groningen Universitetinin professoru Rudi Dierckx, Beynəlxalq Atom Enerjisi Agentliyindən professor Francesco Giammarile, ABŞ-nin Florida Universitetinin Onkoloji və Endokrinoloji cərrahiyə şöbəsinin professoru Seza Güleç, Milli Onkologiya Mərkəzinin Nüvə təbabəti və radionuklid terapiya şöbəsinin rəhbəri tibb üzrə fəlsəfə doktoru Fuad Novruzov, Onkologiya üzrə Beynəlxalq Mərkəzlər Fondunun (ICPO) prezidenti və Almaniyanın Frankfurt Universitetinin professoru Riçard Baum, Türkiyə Nüvə Təbabəti Cəmiyyətinin sədri və Hacettepe Universitetinin professoru Murat Fani Bozkurt və başqaları müxtəlif mövzular üzrə məruzələrlə çıxış ediblər.

Sonra “Avropada onkoloji nüvə təbabəti xidmətləri”, “ABŞ-da radionuklid müalicələr və sığorta ödənişləri”, “Türkiyədə Nüvə Təbabəti xidmətləri”, “Azərbaycanda Nüvə Təbabəti”, “Baş-boyun şişlərinin cərrahiyyəsində PET/KT-nin rolu”, “Tiroid xərçənginin müalicəsi: yeni paradiqma” və digər mövzularda məruzələr dinlənilib.