Bakıda Beynəlxalq Uşaq Onkoloji Xəstəlikləri ilə Mübarizə Gününə həsr olunmuş maarifləndirmə aksiyası keçirilib

|

Fevralın 15-də Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikasının əməkdaşları İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri ilə birlikdə Beynəlxalq Uşaq Onkoloji Xəstəlikləri ilə Mübarizə Günü münasibətilə maarifləndirmə aksiyası keçiriblər.

Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikasının sümük iliyi şöbəsinin rəhbəri, ali ixtisas kateqoriyalı onkoloq, tibb elmləri doktoru Reyman İsmayılzadə AZƏRTAC-a bildirib ki, aksiyanın məqsədi ictimaiyyətin uşaqlarda rast gəlinən onkoloji xəstəliklərlə mübarizə ilə bağlı məsələlərə diqqətini artırmaq və bununla əlaqədar əhalini məlumatlandırmaqdır: “Tədbir zamanı əməkdaşlarımız uşaqlarda mövcud olan onkoloji xəstəliklərin erkən əlamətləri, diaqnostik metodları və müalicə tədbirləri haqqında iştirakçılara ətraflı məlumat veriblər. Onkoloji xəstəlikdən əziyyət çəkən uşaqların problemləri təkcə onların valideynlərinin problemi olmamalıdır və onun həlli bütün səhiyyənin, dövlət və qeyri–dövlət qurumlarının, bütün cəmiyyətin qayğısıdır. Eyni zamanda, bu gün bütün dünyada uşaqların xərçəng xəstəliyinə qalib gəlməsi faktları, onların qəhrəmanlığını, həmçinin valideynlərinin və onlara qayğı göstərən tibb personalının fədakarlığını əks etdirir. Lakin burada iş təkcə müalicə ilə yekunlaşmır, ondan sonra reabilitasiya problemləri var. Onkoloji xəstəlikdən müalicə almış uşaqların sosial və əmək reabilitasiyası da aparılmalıdır”.

Reyman İsmayılzadə bildirib ki, uşaqlarda olan onkoloji xəstəliklər bütün bədxassəli şişlərin 1-1.5 faizini təşkil edir. Uşaqlarda təsadüf olunan onkoloji xəstəliklər böyüklərinkindən çox fərqlidir. Onların əsas hissəsini embrional şişlər təşkil edir. Bunların içində leykemiya böyük üstünlüyə malikdir. Həmçinin mərkəzi sinir sisteminin şişləri və limfomalar da tez-tez rast gəlinən xəstəliklər sırasındadır. Digər bədxassəli şişlər- nefroblastoma, neyrolastoma, rabdomiosarkomanın isə hər birinin ayrı-ayrılıqda rastgəlmə tezliyi 6-7 faizə bərabərdir. Böyüklərdə təsadüf edilən xərçəng xəstəlikləri - mədə -bağırsaq, ağciyər, süd vəzi xərçəngi və s. uşaqlarda çox nadir hallarda qeydə alınır. Müasir müalicə metodları uşaq onkologiyasında daha yaxşı nəticə verir və azyaşlıların böyük əksəriyyətində tam sağalmaya nail olmaq mümkündür.

Həkimin verdiyi məlumata görə, 2012-ci ildə Milli Onkologiya Mərkəzinin nəzdində regionda ilk dəfə olaraq Uşaq Onkoloji Klinikası fəaliyyətə başlayıb. Bu müasir və çox mühüm müalicə ocağının yaradılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyevin böyük əməyi var. Hazırda Uşaq Onkoloji Klinikası regionumuzda onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara ixtisaslaşmış, yüksəktexnologiyalı, keyfiyyətli tibbi yardım göstərən yeganə tibb müəssisəsidir. Klinikada beynəlxalq protokollara uyğun olaraq, çoxkomponentli müalicənin bütün növləri mükəmməlliklə icra edilir. O cümlədən çox uğurla intensiv kimyaterapiya, müasir şüa terapiyası, cərrahi müalicə, immunoterapiya və s. aparılır. Uşaq Onkoloji Klinikasında ambulator və poliklinika şöbəsi, kimya terapiyası, cərrahiyyə, anestezioloji-reanimatoloji və şüa terapiyası şöbələri fəaliyyət göstərir. İndiyədək 1200-ə qədər uşaq bu klinikada müalicə alıb. Aparılan müalicələrin nəticələri qənaətbəxşdir.