Biofizika İnstitutunda “GALT geninin klinik əhəmiyyətli mutasiyalarının genotiplənmə analizi” mövzusunda elmi seminar keçirilib

|

AMEA-nın Biofizika İnstitutunda Elm gününə həsr olunmuş “GALT geninin klinik əhəmiyyətli mutasiyalarının genotiplənmə analizi” mövzusunda elmi seminar keçirilib.

Tədbir Azərbaycan Respublikasının Milli Onkologiya Mərkəzinin Molekulyar Onkologiya laboratoriyası və Biofizika İnstitutunun Molekulyar və hüceyrə onkologiyası laboratoriyasının təşkilatçılığı ilə baş tutub.

Seminarı institutun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov açaraq, mövzunun əhəmiyyətindən, bu istiqamətdə geniş miqyaslı müasir tədqiqatların aparılmasının zəruriliyindən danışıb.

Sonra Milli Onkologiya Mərkəzinin əməkdaşı, Molekulyar və hüceyrə onkologiyası laboratoriyasının rəhbəri, b.ü.f.d. Leylaxanım Məlikova çıxış edərək hazırda bədxassəli şişlərin müalicəsində istifadə edilən və istifadəsi nəzərdə tutulan “CANCER” panellər, xüsusən də prediktiv və poqnostik  panellər, SVX  IIIC (T1-4 N3M0) mərhələsində standart protokollara əsasən aparılan  neoadyuvant kimyavi terapiyanın nəticələri və erkən süd vəzi xərçəngi mərhələlərinin formalaşmasında TUBB3 gen ekpressiyasının rolu barədə  ətraflı məlumat verərək, mövzu üzrə aparılmış elmi tədqiqatlardan söz açıb.

Daha sonra Milli Onkologiya Mərkəzinin Molekulyar Onkologiya laboratoriyasının həkimi Səbinə Mehdizadə seminarın mövzusu üzrə geniş təqdimatla çıxış edib. O, qalaktozemiyaya səbəb olan GALT geninin klinik əhəmiyyəti və onun mutasiyalarının genotiplənməsi, prenatal diaqnostİka və neonatal skrininq barədə bəhs edib.

Tədbirdə, həmçinin Azərbaycan Respublikasının Milli Onkologiya Mərkəzinin Molekulyar Onkologiya laboratoriyasının mühəndis-genetiki Elnarə Əliyevanın məruzəsi dinlənilib. E. Əliyeva çıxışı zamanı GALT (galactose-1-phosphate uridylyltransferase) geninin klinik əhəmiyyətli mutasiyalarının aşkarlanması metodundan danışıb. Məruzəçi eyni zamanda skrininq metodu kimi istifadə ediləcək reaktiv dəstinin (kitin) və müvafiq protokolun hazırlanması, o cümlədən  oliqonukleotid praymerlərin dizaynı, PZR-metod rejiminin seçilməsi, agaroza-gel elektroforezi və gözlənilən DNT fraqmentlərinin aşkarlanması yollarından geniş məlumat verib.

Sonda məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

https://science.gov.az/az/news/open/20169