Rusiyada onkoloqlar və radioloqların videobağlantı formatında qurultayı keçirilmişdir

|

2021-ci il aprelin 7-də MDB və Avrasiya Ölkələri Onkologiya, Rentgenoradiologiya Mərkəzləri və İnstitutları Direktorları Assosiasiyasının təşkilatçılığı ilə onkoloqlar və radioloqların videobağlantı formatında XII qurultayı  işə başlayıb.  İki gün davam etmiş qurultay 20-dən çox ölkədən onkologiya, radiologiya, radioterapiya, cərrahiyyə və digər əlaqəli sahələr üzrə çalışan 5000-dən çox aparıcı mütəxəssisi bir araya gətirmişdi. Bu qurultay  sözügedən qurumun  I  Qurultayının  keçirilməsinin  25-ci ildönümünə həsr edilmişdi.

Açılış mərasimində çıxış edən Rusiya Federasiyasının Səhiyyə naziri Mixail Muraşko iştirakçıları salamlayıb və Rusiya Prezidenti Vladimir Putinin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.

Açılış mərasimində Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktoru akademik Cəmil Əliyev öz çıxışında onkologiya sahəsində ölkələrarası əməkdaşlığın vacibliyini vurğulamış və qurultayın işinə uğurlar arzulamışdır.

 Qurultayda nümayəndələrə MDB üzvü olan  dövlətlərin onkologiya sahəsində əməkdaşlığının inkişafındakı nailiyyətləri barədə xüsusi broşur təqdim olunmuş və Assosiyasiyanın  yaranma tarixi ilə bağlı yubiley videosu nümayiş etdirilmişdir

Tədbirdə Baş boyun cərrahiyyəsi şöbəsinin cərrahı professor Əziz Əliyev “Baş və boyun şişlərində proqnostik amillər”, Onkourologiya şöbəsinin rəhbəri Fuad Quliyev “Azərbaycan Respublikasında onkoloji xidmətin təşkili “ və “PBRM 1 və BAP 1 genetik markerlərin radikal nefrektomiya sonrası uzaq nəticələrin proqnozlaşdırılmasında əhəmiyyəti”, Abdominal onkologiya şöbəsinin cərrahı Rəşad Zeynalov “Mədə xərçəngi üçün birləşmiş əməliyyatların nəticələri”, Onkoginekologiya şöbəsinin rəhbəri Şəmistan Alıyev “Endometrial xərçəngdə sentinel limfa düyünlərinin rolu”,Uşaq onkologiyası şöbəsinin rəhbəri Reyman İsmayılzadə “Azərbaycanda neyroblastoma müalicəsinin ilk təcrübəsi”,  Onkokoloproktologiya şöbəsinin rəhbəri Yusif Əliyarov “Neoadyuvant radiokimyaterapiyadan sonra tam klinik cavab olan düz bağırsaq xərçəngi xəstələrində Wait and Watch protokolunun tətbiqi”, Nüvə təbabəti bölməsinin müdiri Fuad Novruzov “Onkologiyada nüvə diaqnostikası və radionuklidlərlə müalicə”,  Ümumi onkologiya şöbəsinin həkimi Samir Qurbanov “Süd vəzi xərçəngində onkoplastik və rekonstruktiv əməliyyatların rolu”, Ümumi onkologiya şöbəsinin həkimi Cavid Qaribov “Bədxassəli neoplazmalar olan xəstələrdə süd vəzinin rekonstruksiyası”, Endoskopiya şöbəsinin həkimi Nigar Əliyeva “Şüa terapiya sonrası proktitlərin endoskopik diaqnozu və müalicəsi”,  Şüa diaqnostika şöbəsinin həkimi Anar Kazımovun “Maqnit rezonans görüntüləmənin mərhələlənmədə imkanları”, Uşaq kimyaterapiya şöbəsinin rəhbəri Günel Ələskərova “Uşaqlarda kəskin limfoblast leykoz müalicəsinin nəticələri”, Uşaq kimyaterapiya şöbəsinin həkimi Nailə Məmmədova “Medulloblastomanın proqramlaşdırılmış müalicəsinin nəticələri”, Uşaq klinikasının həkimi Leyla Xələfova “Uşaqlarda nazofarinks karsinomasının müalicəsi” mövzularında çıxışları dinlənilib.

Həmçinin MBD və Avrasiya onkoloqları və radioloqlarının XII Qurultayının  çərçivəsində professor Əziz Əliyev “Baş və boyun şişləri”, professor İsa İsaev “Nüvə təbabəti və Şüa terapiyası”, Fuad Quliyev “Onkourologiya”, Azər Əliyev “Mədə xərçəngi”, Rasim Zeynalov “Kolorektal xərçəng”, Yusif Əliyarov “Kolorektal xərçəng”,  Şəmistan Alıyev “Onkoginekologiya”, Reyman İsmayılzadə “Uşaq Onkologiyası”, Fuad Novruzov “Nüvə təbabəti və Şüa terapiyası” sessiya rəhbərləri kimi iştirak etmişdilər.

       N.N. Trapeznikov adına MBD və Avrasiya onkoloqları və radioloqlarının XII Qurultayının açılış mərasiminin videosu ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz:

https://scientificrussia.ru/news/tseremoniya-otkrytiya-vneocherednogo-sezda-onkologov-i-radiologov