Anar Əliyev​: "Zob" xəstəliyinə daha çox qadınlarda rast gəlinir"

|

"Əgər insanın səsində bir dəyişiklik, boğazında əllə hiss olunan bir törəmə, kəskin arıqlama, ya kökəlmə, saç tökülməsi, halsızlıq, yorğunluq kimi əlamətlər varsa, ağıla ilk gələn ehtimallardan biri qalxanabənzər vəzinin xəstəliyi olmalıdır"

Bakı. 14 oktyabr. REPORT.AZ/ Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin həkimi, mərkəzin Radionuklid Terapiya şöbəsinin müdiri Anar Əliyevin "Report"a müsahibəsi:

Milli Onkologiya Mərkəzində Radionuklid Terapiya şöbəsinin yaradılmasını zəruri edən nə idi? 

- İnkişaf etmiş ölkələrdə xəstəliklərin erkən diaqnozu əhalinin daha uzunömürlü olmasına müsbət təsir edir. Erkən diaqnostika xəstəliyin ilkin mərhələsində müalicə deməkdir. Əvvəllər Azərbaycanda qalxanabənzər vəzin xərçənginin ixtisaslaşmış müalicə mərkəzi yox idi. Bu cür ixtisaslaşmış müalicə mərkəzləri hətta keçmiş SSRİ-də də sadəcə bir neçə yerdə olub ki, bu da tələbatı təbii olaraq ödəyə bilməyib.

2011-ci ilin sonuna kimi bu xəstələr cərrahi əməliyyatdan sonra spesifik müalicə üçün Türkiyə, İran və ya digər ölkələrə gedirdilər. 2011-ci ilin sonunda mərkəzin direktoru akademik Cəmil Əliyevin verdiyi qərarla bu şöbə açılıb. Artıq qalxanabənzər vəzin xərçəngini, həmçinin zəhərli uru (toksiki ur) Avropada, ABŞ-da həkimlər hansı üsullarla müalicə edirlərsə, biz də eyni prinsiplə müalicə edirik.

Müalicə məqsədi ilə istifadə olunan radioaktiv maddələrlə işləmək üçün bu sahədə təhsil almış həkimlərə ehtiyac var. Bu tibb ixtisasının adı nuklear tibb, yəni nüvə təbabətidir. Azərbaycan Tibb Universitetində nüvə təbabəti ixtisası olmadığı üçün xaricdə təhsil almış həkimlərə ehtiyac duyulurdu. Bizlər xaricdə təhsil alıb, mütəxəssis kimi Azərbaycana qayıtdıqdan sonra ixtisas üzrə işə başladıq. Hazırda radioaktiv maddələrin diaqnostikada və müalicə məqsədi ilə tətbiqi üçün lazım olan bütün şərait, o cümlədən kadrlar mərkəzimizdə mövcuddur.

- Şöbənizin xarici əlaqələri hansı səviyyədə qurulub? Xarici ölkələrin təcrübəsinin öyrənilməsi və tətbiqi sahəsində hansı addımlar atılır?

- Bu sahədə ciddi planlarımız var. Həkimlərin maarifləndirilməsi, işlərimizdə peşəkarlığın artırılması və təcrübələri paylaşmaq məqsədi ilə ABŞ, Avropa və Türkiyədən profossorlar dəvət etməyi planlaşdırırıq. Bu ilin sonlarında xarici mütəxəssislərlə birgə illik xüsusi konfranslar təşkil etmək istəyirik. İndiyə kimi mərkəz həkimlərin maarifləndirməsi üçün ümumi ortaq beynəlxalq konfranslar təşkil edib. Bizim artıq periferiyadakı həkimlərimiz də xəstəlik və müalicəsi haqqında məlumatlı olacaqlar.

Hazırda Azərbaycan əhalisinin ehtiyacını qarşılaya biləcək səviyyədə texniki imkanlarımız var. Amma əlbəttə ki, daha çox insanın bu mövzuda məlumatlandırılması bizm işimizə çox yarıyacaq. Yəqin ki, gələcəkdə işlərimiz daha yaxşı olacaq.

- Şöbə yaradılandan sonra müalicə üçün müraciət edən xəstələrin sayında artım varmı?

- Azərbaycanda insanların maarifləndirilməsi artdığına, həkimlərin təcrübəsi zənginləşdiyinə görə müraciət edən xəstələrin sayı artmağa başlayıb. 2012-ci ildə bizdə sadəcə qalxanabənzər vəzin xərçəngi diaqnozu ilə müalicə olunan xəstələrin sayı 220 olubsa, 2013-cü ildə bu rəqəm 340, ötən il isə 460 olub. 2015-ci ilin ilk altı ayının statistikasına əsasən deyə bilərik ki, bu ilki rəqəm təxminən 550-ni keçəcək. Əgər nəzərə alsaq ki, dünyada qalxanabənzər vəzin xərçənginə illik rast gəlmə tezliyi 100 min nəfərdə 4-9 arası dəyişir, Azərbaycanda bu rəqəm təxminən 600-650 nəfər olmalıdır. Müraciət edən xəstələrin sayı onu göstərir ki, xəstəlikdən əziyyət çəkənlərin artıq 90 faizindən çoxu şöbəmizdə qeydiyyatdadır və müalicə alırlar.

- Qalxanabənzər vəzin xəstəliyinin ilkin əlamətləri hansılardır?

- Əgər insanın səsində bir dəyişiklik, boğazında əllə hiss olunan bir törəmə, kəskin arıqlama, ya kökəlmə, saç tökülməsi, halsızlıq, yorğunluq kimi əlamətlər varsa, ağıla ilk gələn ehtimallardan biri qalxanabənzər vəzinin xəstəliyi olmalıdır.

- Vəzin xərçəngi üçün də eyni əlamətlər keçərlidirmi?

- Boğulma, udqunmada şikayət, əllə hiss olunan bir törəmə və ya təsadüfən ultrasəs müayinəsi zamanı qalxanabənzər vəzdə düyün aşkarlanarsa, mütləq həkimə müraciət etmək lazımdır. Əgər kimsə orqanizmində belə əlamətlər hiss edirsə, onda bizə müraciət edir. Amma inkişaf etmiş ölkələrdə xəstəlik daha çox ulturasəs müayinəsi ilə ortaya çıxır ki, bizdə də son illərdə bu qrup xəstələrin sayı artmağa başlayıb. İndi Azərbaycanda ən ucqar yerlər də daxil olmaqla ulturasəs müayinəsi olduğuna görə 1 sm-dən belə, balaca qalxanabənzər vəz düyünü aşkarlamaq mümkün olur. Belə olan halda illər keçdikcə xərçəngin deyil, amma erkən diaqnozun sayı artır.

- Bəzən deyirlər ki, Azərbaycanda insanlar həkimə getməyə meyilli deyil. Sizcə, əhali vaxtında müayinələrdən keçirmi?

- Bu fikri bütün insanlara şamil etmək olmaz. Mən də Azərbaycana gəlib ilk bu işə başlayanda belə düşünürdüm. Amma təcrübə göstərir ki, elə deyilmiş. Deyək ki, Azərbaycanda insanların oxuma-yazma faizi yuxarı olduğuna görə ölkəmizdə sağlamlığa diqqət edən və o barədə yaxşı məlumat almış insanların sayı da çoxdur. Ona görə də qalxanabənzər vəzini müayinə etdirib, bizə müraciət edənlər kortəbii gələn xəstələrdən daha çoxdur.

- Qalxanabənzər vəzinin xəstəliyində əməliyyat şərtdirmi?

- Əgər qalxanabənzər vəzdə düyün varsa və iynə biyopsiyasının nəticəsi xərçəng şüphəsi yaradırsa, bəli, birinci mərhələdə əməliyyat şərtdir. Daha sonra xəstəliyin təkrarlanmaması üçün radioaktiv yod müalicəsi veririk. Ancaq bu, düyünlü ur diaqnozu qoyulan xəstələrin cəmi 5-10 faizini təşkil edir, yerdə qalan 90 faiz xəstədə düyün 4 cm-dən böyük deyilsə, nəfəs almasına mexaniki təsir göstərmirsə, o zaman cərrahi əməliyata ehtiyac duyulmaya bilər.

- Vəzin xərçəngi xəstəliyinin təkrarlanma ehtimalı və ölüm riski neçə faizdir?

- Xəstəyə qalxanabənzər vəzi papilyar və follikulyar xərçəngi diaqnozu qoyulubsa, əməliyyat olunur, radioaktiv yod müalicəsi alır. Bundan sonra müəyyən mərhələlərlə müayinələrdən keçir. Təqib-müayinələr normal olarsa, statistikaya görə xəstələrin 97 faizində xəstəlik sonradan təkrarlanmır. Buna görə də xəstəliyin proqnozu çox yaxşı hesab olunur. Xəstə ömrünün sonuna kimi yaşayır və ölümü də xərçəngdən olmur.

Xəstəliyin rast gəlmə tezliyinə görə siyahıda durduğu yerlə ölüm statistikası arasında çox böyük fərq var. Radioaktiv yod müalicəsi tətbiq olunan ölkələrdə xəstəliyin rast gəlmə faizi 100 min əhalidə 4-9 arası dəyişirsə, bu xəstəlikdən ölüm isə 100 min əhalidə 1-dən azdır. Adı bədxassəli olsa da, gedişi xoş olur.

- Bu xətəliyə uşaqlar arasında da rast gəlinirmi?

- Uşaqlarda çox az hallarda rast gəlinir. Ümumiyyətlə, xəstəlik 45 yaşa qədər görünürsə onların proqnozu daha yaxşı olur. 45 yaşdan sonra proqnoz daha pisləşir. Çernobıl hadisələrindən sonra uşaqlar radiasiyaya məruz qaldığına görə dünyada artıq erkən yaşlarda nisbətən daha çox görünməyə başlayıb. Ümimiyətlə, radiyasiyaya məruz qalan yerlərdə uşaqlarda bu xəstəliyin görülmə riski daha yüksəkdir.

- Bu xəstəlikdə irsi faktorlar nə qədər rol oynayır?

- Qalxanabənzər vəz xərçənglərində irsi faktorlar o qədər rol oynamır. Amma xərçəngin medulyar karsinoma növündə 25 faizi irsi olur, yəni genlə keçir. Ailə üzvlərindən kimdəsə xəstəlik olanda uşaqlarda da o gen müsbətdirsə, 100 faiz bu xəstəlik gələcəkdə olur. Ona görə bəzən analizdən sonra həmin gen müsbət çıxdığı təqdirdə, heç düyün əmələ gəlmədən, xəstə xərçəng olmadan əməliyyat olunur. Bu proflaktik məqsədli əməliyyatdır. Ümumiyyətlə, qalxanabənzər vəzin medulyar növünə çox az rast gəlinir və onun da içində irsi olanı nadir hallarda olur. Azərbaycanda mənim təqib etdiyim iki-üç belə ailə var ki, onlar müəyyən mərhələlərlə müayinələrə gəlirlər.

- Radiasiyanın insanlara mənfi təsirindən danışdınız. Bu xəstəliyin əmələ gəlməsində radiasiya nə dərəcədə rol oynayır?

- Qalxanabənzər vəzi radiasiyaya ən həssas orqandır. Ona görə də radiasiya ilə əlaqəli işlərdə çalışan insanların qalxanabənzər vəzi müəyyən mərhələlərlə mütləq yoxlanmalıdır.

- Hansı sahələrdə işləyənləri bu qrupa aid etmək olar?

- Məsələn, kardiologiya sahəsində angioqrafiyada çalışan həkimlər, radiasiya əmələ gələn bəzi skopiyalarda işləyən tibb bacıları, həkimlər vaxtı-vaxtında müayinə olunmalıdrlar ki, qalxanabənzər vəzində düyün varsa, aşkar edilsin. Bəzi radioaktiv maddələr istehsal edən zavod və fabriklərdə insanlar radiaktiv maddələrdən qorunmaq üçün müəyyən zirehlər istifadə etsələr də, radiasiyaya məruz qalırlar. Adi təbii radiasiya sağlamlığa çox təsir etmir. Çünki bizim hüceyrə sistemimizdə qoruma mexanizmi var.

- Anar bəy, zəhərli ur xəstəliyinin əlamətləri hansı formada özünü göstərir və müalicəsində yenilklər varmı?

- Zəhərli ur daha çox arıqlamaq, ürək döyüntüləri tərləmə, əsəbilik, səbirsizlik halları ilə özünü göstərir. Bu növün üç vasitə ilə müalicəsi var. Klassik dərman müalicəsi, cərahiyyə əməliyyatı və üçüncü radioaktiv yod müalicəsidir ki, buna "qansız tiroid cərrahiyyəsi" deyirlər. Biz ildə 300-400 belə xəstəyə bu cür müalicə veririk. Yarım stəkan suya radioktiv yod qatılır və xəstəyə içirilir. Bundan sona vəz əriyir, ur balacalaşır artıq zəhər buraxmır və xəstə sağalır. Boynunda da çapıq olmur.

- İnsan orqanizminə mənfi təsir edən hansı amillər bu xəstəliyə səbəb olur? Deyək ki, bir insan yaxşı qidalanır, təmiz ekoloji şəraitdə yaşayır, stersdən uzaqdır və s. Həmin insan xəstəlikdən sığortalanıbmı?

- Xeyir, heç kəs bu xəstəlikdən sığortalanmayıb. Amma stres xəstəliyi aqressivləşdirən faktorlardan biridir. Eləcə də düzgün qidalanmama, radioktiv maddələrlə əlaqədə olmaq risk faktorlarını və xəstəliyin aqressivlliyini artırır. Təbii ki, onkoloji xəstəliklərin konkret səbəbini tapa bilsəydik, o zaman tək bir faktorla mübarizə aparıb problemi həll edərdik. Amma aparılan araşdırmalar onu göstərir ki, onkoloji xəstəliklərinin səbəbləri tək yox, multifaktorialdır. Belə olduğuna görə milyonlarla vəsait xərclənsə də, konkret səbəbi tapmaqda hələlik çətinlik çəkirlər. Yəni, elm bunun qarşısında ona görə acizdir. O qədər çox faktor var ki, ona qarşı mübarizə aparmaq çətinləşir. Müalicədə çox önəmli ölçüdə inkişaf olacaq, amma xəstəliyin tək faktorunu tapmaq bir az çətin görünür.

- "Zob" xəstəliklərinə daha çox hansı cinsin nümayəndələri tutulur?

- Bu xəstəliyə daha çox qadınlarda rast gəlinir. Hər 10 xəstədən 8-qadın, ikisi kişi olur. İstər qalxanabənzər vəzin xərçəngi, istər zəhərli zob, istərsə də qalxanabənzər vəzin digər xəstəlikləri daha çox qadınlada özünü göstərir. Bunun böyük ehtimalla immun sistemi ilə bağlı olduğu düşünülür. Qadınların immun sistemi ilə kişilərin sistemi arasında fərqlər var.

- Xəstəlik daha çox hansı yaşlarda özünü göstərir?

- Daha çox 30 yaşdan sonra özünü biruzə verir, yaş artdıqca artır.