Milli Onkologiya Mərkəzi müasir elm flaqmanı

|

Milli Onkologiya Mərkəzi –müasir elm flaqmanı

   Ölkəmizdə səhiyyə sisteminin əsas strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi, xüsusilə Milli Onkologiya Mərkəzinin son illər ərzində Cənubi Qafqazın  ən nüfuzlu sahə  sağlamlıq ocağı kimi tanınması danılmaz faktdır. Azərbaycan Respublikasının Prezidenti   İlham Əliyevin  Milli Onkologiya Mərkəzinin xüsusi texnika və avadanlıqlarla təchiz edilməsi, onun ən qabaqcıl müalicə ocağına çevrilməsi sahəsində daimi səyləri və Mərkəzin Baş direktoru  akademik Cəmil Əliyevin yorulmaz elmi, praktik və təşkilatçılık fəaliyyəti  kollektivin  uğurlarının, insanlara sağlam həyat bəxş edilməsinin  əsas rəhnidir.

    Hazırda Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri şöbəsində qirtlagin xərcəngində larinqektomiya, qirtlagin rezeksiyasi - qirtlagin tam və ya qismən çıxarılması əməliyyatları həyata keçirilir. Əvvəllər bu cərrahi əməliyyat aparılarkən xəstə yalnız xərcəngdən xilas edilirdi. Yeni üsulla aparılan larinqektomiya zamanı isə onun cəmiyyətə normal adaptasiyası, digər  insanlar kimi adekvat həyat tərzinə malik olması üçün də bütün zəruri tədbirlər görülür. Bu prosesin reallaşması üçün  Provoks səs bərpa sistemi və ya protezi tətbiq olunur. Provoks protezindən hava xəstəyə birbaşa  traxestoma ilə yox, protezin süzgəcləri vasitəsi ilə daxil olur. Buna görə də xəstədə ağ ciyər iltihabının baş verməsi təhlükəsinin qarşısı alınır. Nəticədə xəstə özünü yaxşı hiss edir, çox rahat,  sərbəst şəkildə doğmaları və yaxınları ilə ünsiyyətdə ola bilir. Mərkəzdə son 2-3 ildir tətbiq edilən  bu cərrahi  əməliyyat tibb  sahəsində çox böyük addım, nailiyyət hesab olunur


Şöbədə baş-boyun nahiyəsindəki  onkoloji xəstəliklərin müalicəsi üçün hazırda lazer aparatlarından da geniş istifadə olunur. Lazerin tətbiqi onkoloji xəstəliklərin müalicəsi üzrə inqilabi əhəmiyyətə malik hadisədir. Qirtlagın polipləri və papillomalari  lazer aparatı vasitəsilə götürülə bilir. Düzdür, bunu sadə endoskopik əməliyyatla, metodla da etmək olar.  Lakin bu zaman - polip aşkar edildiyi vaxt  qanaxma və digər problemlərin yaranması da mümkündür. Bu metod radikal xarakter daşımadığı üçün qanaxmanı saxlamaq çox çətin olur. Lazer cərrahiyyəsi zamanı bütün bu fəsadlar aradan götürülür.


Baş-boyun şişləri şöbəsində burun boşluğu və sinuslarının endoskopik müayinə və müalicəsi də  aparılır. Endoskopik avadanlıqlar üzdə böyük kəsik aparmadan, burun vasitəsi ilə xəstəlik ocağına daxil olaraq bütün   sinuslarını tamamilə polip və ya xərçəngdən təmizləməyə imkan verir. Xəstənin stasionar müalicə müddəti 2-3 gün çəkir və sonra xəstəxanadan evə buraxılır.


Şöbədə qalxanvarı vəz xoş və bəd şişlərinə görə əməliyyatlar aparılır. Qalxanvarı vəz üzərində əməliyyat aparılarkən səs sinirinin zədələnməsi ehtimalı vardır. Düzgün əməliyyat aparılmayanda  və ya metastaz olanda,  səs sinirləri iki tərəfdən də kəsiləndə xəstələrdə boğulma təhlükəsi yarana bilir və bundan əlavə, onlar ömrü boyu traxestomik boru ilə gəzməli olur. Ümumiyyətlə, qalxanabənzər vəz  xərçənginin 4 növü var: papilyar, follikulyar, medullyar və anaplastik. Praktikada ən çox rast gəlinən və yaxşı proqnoza malik  papilyar və follikulyar növlərdir. Bu tipli xərçəngin əsas müalicəsi cərrahi əməliyyatdır. 

Milli Onkologiya Mərkəzində  neyromonitorun (sinir aparati) köməkliyi ilə qalxanabənzər vəzdə əməliyyat aparılarkən səs sinirlər və üz sinirləri qulaqalti vəzdə  aşkar olunub qorunur. Neyromonitorun istifadəsi zamani səs sinirlərin kəsilmə ehtimalı 2-5 % -dən 0,5 % dək azalır. Bu statisitka səs siniri aparatının əhəmiyyətini bir daha təsdiq edir.




Əgər qalxanvarı vəzdə şiş xəstəliyi uzun müddət müalicə olunmadan qalarsa, o, agırlaşma halına keçərək onda boyun metastazı baş verə bilir. Xəstəlik metastaz halına keçdikdə isə orada adi cərrahi əməliyyat aparmaq qeyri-mümkündür; çünki bu əməliyyatdan sonra radioaktiv yod müalicəsini tətbiq etmək çətinlik törədir. Belə hallarda qalxanvarı vəzi paratraxeal limfa düyünləri ilə götürmək və əlavə olaraq ikitərəfli boyun limfa disseksiya etmək lazımdır. Məhz bu əməliyyatdan sonra radioaktiv yod müalicəsi başlana bilir və belə halda xəstələrin proqnozu çox yaxşı olur. 


Hiperparatireoidzm isə qalxanabənzər vəzin ətrafında yerləşən vəzlərin adenomalaşması (çox miqdarda hormon ifrazı)  ilə xarakterizə olunan hormonal bir xəstəlikdir. Bu vəzin (vəzlərin) adenomalaşması nəticəsində kalsium balansı pozulur və xəstələrdə əsasən sümüklərdə, böyrəklərdə və bağırsaqlarda patoloji proseslər yaranır.

    Əvvəllər paratireoid adenomaları qalxanabənzər  vəz ilə birlikdə cərrahi əməliyyatla çıxarılırdı ki, bu da qalxanabənzər vəzdə düyünü olmayan artıq çəkiyə malik insanlarda əlavə travma və sağlıq problemləri yaradırdı. İndi isə  xüsusi  radioaktiv maddə insan bədəninə damar vasitəsi ilə yeridildikdən sonra "Gamma Prob" adlanan xüsusi  avadanlıqla paratireoid adenomalarının yeri (xəstəliyin ocağı)  asanlıqla müəyyən edilir və o, qısa cərrahi kəsiklə, ciddi travmasız çox asanlıqla çıxarılır.  Hazırda ABŞ-da və Avropanın aparıcı klinikalarında istifadə olunan bu metod  Cənubi Qafqazda təkcə  Milli Onkologiya Mərkəzində  uğurla aparılır.


Cərrahiyyə əməliyyatının aparılması hələ problemin tam həlli demək deyildir. Patohistoloji (əkilmə) yolla  alınan cavab yüksək diferensiasiyalı (papilyar və follikulyar) xərçəng olarsa, əməliyyat aparıldıqdan  4-6 həftə sonra radioaktiv yod-131 müalicəsi təyin olunur. Bu müalicədə əsas məqsəd gözlə görünməyən mikroskopik xərçəng hüceyrələrini məhv etməkdir. 2011-ci ildən etibarən  radioaktiv yod-131 müalicəsi xaricdə təhsil almış həkimlərimiz tərəfindən uğurla aparılır. Hazırda Milli Onkologiya Mərkəzində radioaktiv yod-131 (maye və kapsul formasında) qəbul edən xəstələr üçün yüksək standartlara cavab verən 14 xüsusi radioaktiv otaq mövcuddur. Bu, çox önəmli amildir, çünki məhz bu prosedur səbəbli xəstələrdə residiv şiş, demək olar, 0%-ə düşür.

        Baş-boyun şöbədə ağız boşluğu və dəri xərçəngi xəstəlikləri üzrə də ugurlu əməliyyatlar aparılır.



Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri şöbəsinin həkim-cərrah kimi mən hesab edirəm ki, müasir dövrdə  müayinə və diaqnostikanın əsas məqsədi təkcə xəstələrin müalicəsi ilə məhdudlaşmamalıdır. Ən yeni avadanlıq və texnologiyalara malik müasir səhiyyə sistemi xəstənin həyatında pozitiv dəyişikliklərə də nail olmalıdır.

(Mətndə verilmiş bütün şəkil və video materiallar professor Əziz Əliyevin xəstələr üzərində apardığı əməliyyatlar zamanı çəkilmişdir).