Milli Onkologiya Mərkəzində beynəlxalq konfrans keçirilib

|

Martın 15-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Milli Onkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli rentgenoloq-klinisist, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademiki, Əməkdar elm xadimi Rəhim Rəhimovun anadan olmasının 100 illiyinə həsr edilmiş beynəlxalq elmi-praktik konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan Təşkilat Komitəsinin sədri, Milli Onkologiya Mərkəzinin Baş direktoru akademik Cəmil Əliyev akademik Rəhim Rəhimovun həyat və yaradıcılığı haqqında konfrans iştirakçılarına ətraflı məlumat verib. O qeyd edib ki, uzunmüddətli məhsuldar fəaliyyəti ərzində akademik Rəhim Rəhimovun Milli Onkologiya Mərkəzində rentgenologiya və radiologiya ilə bağlı çoxsaylı tədqiqatları bu istiqamətdə əsaslı araşdırmaların aparılması və müalicə işində tətbiq edilməsinə geniş imkanlar yaradıb.

Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, akademik Asəf Hacıyev, Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli, həmçinin Türkiyə, Rusiya və Gürcüstandan gələn elm adamları və digər mütəxəssislər çıxış edərək respublikada elmin inkişafına töhfələr verən Rəhim Rəhimovun çoxşaxəli fəaliyyəti ilə tibbin müxtəlif sahələrinin yeni biliklərlə zənginləşməsində mühüm rol oynadığını diqqətə çatdırıb, ölkənin elmi, praktiki və ictimai həyatına verdiyi töhfələrdən bəhs ediblər.

Azərbaycan Tibb Universitetinin professoru Çingiz Rəhimov ailəsi adından atasının elmi irsinə böyük dəyər verdiyinə görə respublika rəhbərliyinə, Təşkilat Komitəsinə və digər strukturlara öz dərin minnətdarlığını bildirib.

Tədbirin sonunda akademikin həyat və fəaliyyətinə həsr olunan “Peşəsinin ləyaqət simvolu. Akademik Rəhim Rəhimov" qısametrajlı sənədli televiziya filmi nümayiş etdirilib.

Konfrans yerli və xarici mütəxəssislərin məruzələri ilə davam edib. Onkologiyanın müxtəlif sahələrini əhatə edən təqdimatlardan sonra mövzular ətrafında müzakirələr aparılıb.