Azərbaycan alimlərinin insan ağciyər xərçənginin diaqnostikası üzrə araşdırmaları Çin alimləri tərəfindən təsdiqlənmişdir

|

Azərbaycan Resbulikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi və AMEA-nın Biofizika İnstitutu əməkdaşlarının birgə tədqiqatları nəticəsində insan ağciyər xərçənginin klassifikasiyası üzrə Süni İntellekt yaradılmış və nəticələr “Artificial intelligence to classify human lung carcinoma using blood plasma FTIR spectra” başlıqlı məqalədə öz əksini tapmışdır ( Appl. Comput. Math. (2021, V.20, N.2,  pp.277-289, O.K. Gasymov, A.H. Aydemirova, L.A. Melikova, J.A. Aliyev).  Məqalə 2021-ci ildə çapdan çıxsa da, mühüm nəticələr Biofizika İnstitutunun 2019-cu ildəki hesabatında göstərilmişdir. Araşdırma zamanı  47 sağlam və 50 ağciyər karsinoması xəstələrinin qan nümunələri tədqiq olunmuşdur. Sağlam və ağciyər karsinoması xəstələrinin qan plazmalarının furye çevirici infraqırmızı spektrləri multivariat statistika metodu ilə klassifikasiya edilib sağlam-xərçəng modeli yaradılmış və bu model əsasında yaradılan Süni İntellekt vasitəsilə anonim qan nümunələrinin testləri aparılıb diaqnostik proqnozlar verilmişdir. Yaradılan model sağlam nümunələri 80% dəqiqliklə, xərçəng nümunələrini isə 90% dəqiqliklə müəyyən etməyə imkan verir.

         Yuxarıda göstərilən məqalə çapdan çıxdıqdan sonra Çin alimlərinin “Diagnosis of Lung Cancer by ATR-FTIR Spectroscopy and Chemometrics” başlıqlı məqaləsi

30 Sentyabr 2021-ci ildə “Frontiers in Oncology” jurnalında çap edilmişdir. Çin tədqiqatçıları Milli Onkologiya Mərkəzinin və Biofizika İnstitutunun tətbiq etdiyi metoddan istifadə edərək uyğun nəticələr almışlar və ağciyər xərçənginin diaqnostikasının dəqiqliyi 87.1% göstərilmişdir. Bu tədqiqatlar bir daha göstərir ki, Milli Onkologiya Mərkəzinin və Biofizika İnstitutunun ağciyər xərçənginin diaqnostikası üzrə yaratdığı Süni İntellekt çox effektiv skrininq metodu ola bilər.