Milli Onkologiya Mərkəzində beynəlxalq tədbir keçirilib

|

       Bakıda Avropa Onkologiya Məktəbi (ESO), Milli Onkologiya Mərkəzi(MOM) və Azərbaycan Onkoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə aprelin 18-də  “Visiting Professorship Meetings” proqramı çərçivəsində “Süd vəzi xərçəngi xəstələrində fertillik problemləri” adlı beynəlxalq tədbir keçirilib.

   Tədbirdən əvvəl dünya şöhrətli mütəxəssis, İtaliyanın Genova Universitetinin dosenti Matteo Lambertini Milli Onkologiya Mərkəzinin işi ilə  yaxından tanış olmuş, Cənubi Qafqazın ən böyük elmi-tibbi müəssisəsinin struktur bölmələrində aparılan müayinə və müalicə protokolları ilə maraqlanmışdır.

     Milli Onkologiya Mərkəzinin baş direktoru akademik Cəmil Əliyev ilə görüşən qonaq Mərkəzdə gördüklərindən və burada qazanılan uğurlardan məmnun qalduğunu bildirmişdir.

       Tədbirin açılışından sonra  Matteo Lambertini süd vəzi xərçəngini əhatə edən bir sıra vacib mövzularla çıxış etmişdir. Onun“Avropa və beynəlxalq şəraitdə süd vəzi xərçəngi ilə bağlı hazırki vəziyyət və gələcək perspektivlər”, “Sistemli müalicənin süd vəzi xərçəngində rolu”, “Süd vəzi xərçəngində multidisiplinar müalicə və süd vəzi xərçəngi bölməsinin rolu”mövzusunda mühazirələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

     Beynəlxalq tədbirdə yerli mütəxəssislərin - Cavid Qəribovun “Mastektomiya sonrası süd vəzi xərçəngi xəstələrində ayaqcıqlı fleblərlə rekonstruksiya”, Tünzalə Məmmədovanın “Epidemiologiya, yerli diaqnostika və müalicə qaydaları”, Bahadur Abbasov “Süd vəzi xərçənginin patoloji aspektləri”, Leylaxanım Məlikovanın “Azərbaycan populyasiyasında BRCA1 və BRCA2 mutasiyaları”, Fuad Novruzovun “Süd vəzi xərçəngində 68GaFAPI və 18FDG PET/CT görüntüləməsi: prospektiv klinik sınaq”, Samir Qurbanovun “Süd vəzi xərçəngində cərrahiyyənin rolu” mövzularında çıxışları da dinlənilmişdir. Görüş zamanı süd vəzi xərçəngi üzrə xəstə təqdimatları və müxtəlif müzakirələr aparılmışdır.

Tədbir Avropa Onkologiya Məktəbi (ESO) tərəfindən akkreditasiya olunmuşdur.