Bakıda II Beynəlxalq Onkoloji Konfrans keçirilir

|

Sentyabrın 29-da Bakıda Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən “II Beynəlxalq onko-qastro-hepatologiya” adlı konfrans öz işinə başlayıb.

Tədbir Milli Onkologiya Mərkəzi, Azərbaycan Qastroenteroloq və Hepatoloqlar İctimai Birliyi və Azərbaycan Onkoloqlar Cəmiyyəti tərəfindən birgə təşkil edilib.

Konfransın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Torpaqlarımız uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş film nümayiş olunub.

Milli Onkologiya Mərkəzi baş direktorunun müavini, tibb üzrə fəlsəfə doktoru Fuad Quliyev Ulu Öndər Heydər Əliyevin Azərbaycan səhiyyəsinin inkişafındakı müstəsna rolundan danışıb. F.Quliyev Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyevin adından konfrans iştirakçılarını salamlayaraq, onlara uğurlar diləyib.

Azərbaycan Qastroenteroloq və Hepatoloqlar İctimai Birliyinin sədri, Seçenov adına Tibb Universitetinin Bakı filialının Daxili xəstəliklər kafedrasının dosenti Gülnarə Ağayeva iştirakçıları salamlayaraq uğurlar diləyib.

Konfransda Azərbaycan nümayəndələri ilə yanaşı, Türkiyə, Pakistan, Misir, Hindistan, Yaponiya, Özbəkistandan olan mütəxəssislər də iştirak ediblər.

Konfrans çərçivəsində mütəxəssislər qastrointestinal və qaraciyər xəstəliklərinin müasir diaqnostika və müalicə üsullarını əhatə edəcək mövzularla çıxış edəcəklər.

Tədbirin praktiki hissəsi olaraq icra olunan prosedurlar əməliyyat otağından iştirakçıların izləməsi üçün konfrans zalına canlı yayım ediləcək.

Konfrans öz işini sabah da davam etdirəcək.