Akademik Cəmil Əliyev yüksək beynəlxalq mükafata layiq görülmüşdür

|

16 mart 2026-cı il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin baş direktoru akademik Cəmil Əliyev beynəlxalq səviyyədə yüksək mükafata layiq görülüb. Ona Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən “Fərqlənmə Sertifikatı” (Certificate of Distinguished Service) təqdim edilib.

Mükafat C. Əliyevə akademik liderliyinə, göstərdiyi görkəmli elmi fəaliyyətə, eləcə də onkologiya sahəsinə verdiyi mühüm töhfələrə görə verilib. Qeyd edilib ki, Milli Onkologiya Mərkəzinin baş direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki və əməkdar elm xadimi kimi Cəmil Əliyevin xərçəng tədqiqatlarının inkişafına, xəstələrə göstərilən tibbi xidmətin yaxşılaşdırılmasına və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfələr dərin və uzunmüddətli təsirə malikdir. Mükafatı akademik Cəmil Əliyevə Beynəlxalq Atom Enerjisi Agentliyinin İnsan Sağlamlığı bölməsinin əməkdaşı professor Francesco Giammarile təqdim edib.

Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlıq çərçivəsində 2016-cı ildə Milli Onkologiya Mərkəzinin nəzdində Nüvə Təbabəti Mərkəzi yaradılıb. Bu mərkəz ölkədə ilk dəfə olaraq PET-KT kimi yüksək texnologiyalı diaqnostik xidmətlərin tətbiqinə imkan yaradıb. Nüvə Təbabəti Mərkəzi fəaliyyətə başladıqdan qısa müddət ərzində regionun aparıcı ixtisaslaşmış tibbi qurumlarından birinə çevrilib. Bu uğurda akademik Cəmil Əliyevin təşəbbüsü və rəhbərliyi xüsusi rol alır. Onun səyləri nəticəsində Milli Onkologiya Mərkəzi bu gün xərçənglə mübarizə sahəsində beynəlxalq təşkilatların əsas tərəfdaşlarından biri kimi tanınır və müxtəlif beynəlxalq elmi layihələrdə fəal iştirak edir.