Bakıda Beynəlxalq Uroonkologiya Simpoziumu keçirilib
Dekabrın 2-də Bakıda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin və Azərbaycan Onkoloqlar Cəmiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş VI Beynəlxalq Uroonkologiya Simpoziumu keçirilib.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Həmçinin Ulu Öndərin 100 illik yubileyinə həsr edilmiş sənədli film nümayiş olunub.
Beynəlxalq Uroonkologiya Simpoziumunu giriş sözü ilə açan Milli Onkologiya Mərkəzinin baş direktor müavini, tibb üzrə elmlər doktoru Fuad Quliyev tədbir iştirakçılarına MOM-un baş direktoru, akademik Cəmil Əliyevin salamlarını çatdırıb və mərkəzin fəaliyyəti ilə bağlı geniş məlumat verib. Tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, ABŞ, Almaniya, Qırğızıstan, Özbəkistan və Gürcüstandan uroonkoloji xəstəliklər üzrə aparıcı mütəxəssislərin də iştirak etdiyi qeyd olunub.
YAP Veteranlar Şurasının üzvü, “91-lər”dən biri, Azərbaycanın Milli Elmlər Akademiyasının müxbir üzvü, tibb üzrə elmlər doktoru, professor Sudeyf İmamverdiyev Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə gördüyü işlərdən, ölkəmizi çətin vəziyyətlərdən çıxarmaq üçün apardığı mübarizə və atdığı müdrik addımlardan danışıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı tarixi Qələbədən danışıb. S.İmamverdiyev Ulu Öndərin siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində bütün sahələrdə dinamik inkişafa nail olunduğunu, o cümlədən səhiyyə sektorunun yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb.
Simpozium elmi hissə ilə davam edib.
Simpoziumda professor İlker Tinay (Türkiyə), professor Axel Haydenrax (Almaniya), professor David Nikoleişvili (Gürcüstan), tibb elmləri namizədi İlya Tsimafeyeu (ABŞ) kimi dünyaşöhrətli mütəxəssislərin, həmçinin yerli və əcnəbi uroonkoloqların “3D laparoskopik prostatektomiya”, “Laparoskopik prostatektomiya: məsləhətlər və fəndlər”, “Laparoskopik qismən nefrektomiya: Nəticələri necə optimallaşdırmaq olar?”, “Özbəkistanda robot cərrahiyyəsinin ilk təcrübəsi”, “Sidik kisəsi xərçəngi üçün limfadenektomiya. Hələ də aktualdır?”, “ICG təlimatları ilə pelvik limfadenektomiya”, “Radikal sistektomiya: Bu gün haradayıq?”, “Sidik kisəsi xərçənginin 3-modality müalicəsi”, “Medikal onkoloqun sidik kisəsi xərçənginə baxışı”, “UUT üçün endoskopik cərrahiyyədə innovativ texnologiyalar”, “Kistik böyrək lezyonlarında böyrək transplantasiyasının rolu”, “Böyrək xərçəngi üçün yeni proqnostik nomoqramma”, “Sitoreduktiv nefrektomiya: Kimə? Nə vaxt? Niyə?”, “Böyrək xərçəngi üçün immunoterapiya imkanları”, “Thulium lazerlə prostatın anatomik enukleasiyası”, “HoLEP: bunu necə edim?”, “BipoLEP vs HoLEP”, “Thulium lazer: Reallıq və gözləntilər”, “Prostat əməliyyatından sonra uretranın daralması riski” və “Göstərişlər üçün inoperativ ultrasəs” mövzularında məruzələri dinlənilib.
Simpoziumda məruzələr üzrə onkologiyanın aktual problemləri, müasir dövrdə onkoloji xəstəliklərin müalicəsində tətbiq edilən yeniliklər müzakirə olunub, geniş təcrübə mübadiləsi aparılıb, elmi–tədqiqat işlərinin təqdimatının əhəmiyyəti vurğulanıb.